Press reliz    
 

Əfran İsmayılov Unibank Premyer Liqasında dekabr ayının ən yaxşı oyunçusu seçildi - 23.02.2010 10:47

Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının idman jurnalistləri, həmçinin Unibank Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri və kapitanları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən dekabr ayının ən yaxşı oyunçusu seçilən Əfran İsmayılovun təntənəli təltif etmə mərasimi Unibank Kommersiya Bankının yeni inzibati binasında keçirildi.

Tədbiri açıq elan edən Unibank Kommersiya Bankının marketinq və biznesin təşkili departamentinin rəhbəri Ramin Vəliyev ötən ilin sentyabr ayından etibarən Azərbaycan futboluna dəstək verdiklərini vurğuladı. "Dekabr ayının ən dəyərli futbolçusu media nümayəndələrinin, həmçinin Unibank Premyer Liqasında çıxış edən klubların baş məşqçilərinin və kapitanlarının iştirakı ilə seçilmişdir. Sorğunun nəticələrinə əsasən səs çoxluğu ilə "Qarabağ"ın futbolçusu, parlaq gələcəyi olan Əfran İsmayılov dekabrın ən yaxşı oyunçusu olmuşdur. Əfrana gələcəkdə uğurlar arzu edirik. Xatırladaq ki, oktyabrın ən yaxşı futbolçusu "Qarabağ"ın digər futbolçusu Vaqif Cavadov seçilmişdi. Bu da, geniş anlamda "Qarabağ" klubunun uğurunun göstəricisidir."

Daha sonra söz Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə verildi: "İlk növbədə Unibank Kommersiya Bankını yeni inzibati binaya köçməsi münasibəti ilə təbrik edirəm, uğurlu olmasını arzulayıram. Ürəkaçan haldır ki, dekabrın ən yaxşı futbolçusu gənc futbolçumuz seçildi. Əfran İsmayılovu təbrik edirəm, ona gələcəkdə uğurlar arzulayıram. Artıq Vaqif Cavadovun sədası Avropadan gəlir. Əfrana da bu cür uğur arzulayıram. Futbolçularımızda belə bir xasiyyət var ki, daha çox tanındıqca, mənfiyə doğru gedirlər. Amma inanıram ki, o belə futbolçulardan olmayacaq. Elə bir məşqçinin yanındadır ki, o, buna imkan verməyəcək. Əfran İsmayılova və onun simasında bütün azərbaycanlı futbolçulara uğurlar arzu edirəm."

Unibank Kommersiya Bankının İdarə Heyətinin sədri Faiq Hüseynov qısa müddətdə görülmüş işlər barəsində fikrini bildirdi: "Media nümayəndələrinə iştirakına görə minnətdaram. Bu, yeni inzibatı binamızda ilk tədbirimizdir. Hamımız üçün uğurlu olsun. Mən də PFL-in prezidenti Ramin Musayevin fikrinə qoşuluram. Fəxr edirəm ki, gənc futbolçularımızın sədası Avropa klublarından gəlir. Bizim bankın PFL-lə olan layihəsi biznes və ictimaiyyət arasında olan dəyərli saziş nümunəsidir. Biz yeni ənənənin bünövrəsini atmışıq. Əməkdaşlığımızın bu aylarında müəyyən addımlar atmışıq. Şəhərin bəzi yerlərində futbolçularımızın şəkilləri olan bilbordlar yerləşdirmişik. Unibank olaraq çap məhsullarımızın böyük əksəriyyəti futbola həsr olunub. Azərbaycan şirkətinin rəhbəri kimi digər şirkətlərin də belə layihələrə dəstək verməsini arzulayardım. Əfran İsmayılovu bir daha təbrik edirəm, ona uğurlar arzulayıram. Təbrik edirəm."

Dekabr ayı üçün Unibank Premyer Liqasının ən yaxşı oyunçusu seçilən "Qarabağ"ın futbolçusu Əfran İsmayılov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən kubokla təltif edildi. Unibank Kommersiya Bankı tərəfindən isə gənc futbolçuya pul mükafatı verildi.

Dekabr ayının ən dəyərli futbolçusu seçilən Əfran İsmayılov çıxışında AFFA-nın prezidenti cənab Rövnəq Abdullayevə, həmçinin PFL və Unibank rəhbərliyinə minnətdarlığını bildirərək, Azərbaycan futbolunun son zamanlar inkişaf etdiyini və uğurlarını davam etdirəcəyini vurğuladı.

Əfran İsmayılovun çıxış etdiyi Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov yetirməsinin uğuru ilə bağlı aşağıdakıları bildirmişdir: "İlk dəfədir ki, belə bir tədbirə qatılıram. Hiss edirəm ki, bundan sonra üzərimizə düşən məsuliyyət daha da artacaq. Bizim AFFA və PFL rəhbərliyindən başqa Unibank rəhbərliyinin də diqqət və qayğısını hiss edirik. Son zamanlar futbola olan maraq da artıb. Ramin müəllim düz qeyd etdi ki, bəzi futbolçularda tanındıqdan sonra mənfiyə doğru dəyişiklik olur. Lakin "Qarabağ" klubunun rəhbərliyi də əsasən gənc futbolçulara üstünlük verir və bu gün biz bunun bəhrəsini görürük. İnanıram ki, gələcək aylarda da bizim futbolçular "ayın ən yaxşı oyunçusu" seçilə bilər. Əfrana uğurlar diləyirəm və gələcəkdə sədasının Avropa klublarından gəlməsini arzulayıram. Futbola göstərilən marağa görə hər kəsə minnətdaram." 

Tədbirə qatılan KİV nümayəndələri arasında viktorina keçirən təkilatçılar suallara hamıdan düzgün cavab verən www.korner.az saytının baş redaktoru Saleh Arslanı Əfran İsmayılovun imzaladığı "Qarabağ" futbol klubunun geyimi ilə mükafatlandırdılar.

Yekunda Unibank Kommersiya Bankı tərəfindən KİV nümayəndələri qiymətli hədiyyələrlə təqdim olundu.

<<Geri



 
Turnir cədvəli
1 "Neftçi" 4 10
2 "Xəzər Lənkəran" 4 10
3 "İnter" 4 7
4 AZAL 4 7
5 "Muğan" 4 5
6 "Qarabağ" 2 4
7 MOİK 4 4
8 "Gəncə" 3 3
9 "Bakı" 3 3
10 "Turan" 4 2
11 "Simurq" 4 2
12 "Qəbələ" 4 1
Ətraflı cədvəl>>


   
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.
2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə rastlaşdığınız zaman ipr@pfl.az vasitəsilə əlaqə saxlayın