Press reliz    
 

PFL və Unibank oktyabr və noyabr aylarının ən yaxşı oyunçularını seçdilər - 24.12.2009 14:17

AFFA-nın inzibati binasında Unibank Premyer Liqasının oktyabr və noyabr ayları üçün ən yaxşı oyunçularının təntənəli təltif olunma mərasimi keçirilmişdir.
 

Tədbiri açıq elan edən PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev PFL və Unibank arasında imzalanmış sponsorluq müqaviləsindən sonra keçən qısa zaman ərzində görülmüş işlər barəsində qonaqlara məlumat verdi:

"Bildiyiniz kimi, PFL və Unibank Kommersiya Bankı arasında imzalanmış sponsorluq müqaviləsində futbolumuzun təbliği ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur və bugünkü tədbirimiz də bu cür tədbirlərdən biridir. AFFA-nın prezidenti cənab Rövnəq Abdullayev də hər zaman futbolumuzun kütləviləşdirilməsinin öndə olan məsələlərdən biri olduğunu vurğulayıb. Kütləviliyə nail olmaqdan ötrü ilk növbədə futbolumuz düzgün şəkildə təbliğ olunmalıdır. Biz də PFL olaraq ilk növbədə Premyer Liqamıza müxtəlif şirkətlərin sponsor təkliflərini dəyərləndirərkən maddi yönə yox, sponsorun futbolumuz üçün görəcəyi təbliğatı üstün tutmuşduq. Təsadüfü deyil ki, sponsorluq müqaviləsi imzalanma mərasimində Peşəkar Futbol Liqasının perezidenti Ramin Musayev də Unibankdan əlavə bir sıra başqa şirkətlərin də Azərbaycan Premyer Liqasına sponsorluq etmək istəyində olduqlarını bildirmişdir. Lakin müqavilənin maddi yönündən  əlavə Unibankın futbolmuzun təbliği ilə bağlı irəli sürdüyü təkliflər bizi daha çox maraqlandırmışdır. Artıq müqavilə imzalandıqdan qısa zaman keçməsinə baxmayaraq, bu yöndə, yəni futbolumuzun təbliğatı yönündə bir sıra addımlar atılmışdır."

Daha sonra söz Unibank Kommersiya Bankının marketinq departamentinin rəisi Ramin Vəliyevə verildi.
“Bugünkü tədbirdə iştirak
edən qonaqlarımızı salamlayıram. Yadınızdadırsa, sponsorluq müqaviləsi imzalananda futbolumuzun təbliğinə yönəlik bir sıra işləri görəcəyimizə dair vəd vermişdik. Qısa zaman müddətində şəhərimizin bəzi yerlərində quraşdırılmış bilbordlarda “Futbolla yaşa” layihəsi çərçivəsində tanınmış futbolçularımızın şəkilləri yerləşdirilmişdir. Oktyabrın sonlarında isə bir qrup jurnalistinə Dünyanın ən sayılıb-seçilən derbilərindən olan “Fenerbahçe” – “Qalatasaray” oyununu stadionda canlı izləyə bilmək imkanı yaratmışdıq. Bununla da jurnalistlərimizin vasitəsi ilə xalqımıza əsl derbi həyəcanının necə olmasını çatdırdıq. Bu kimi təcrübələrin futbolumuzun daha da populyarlaşmasına çox böyük köməyi olacaq. Həmçinin hər ayın yekunlarına görə ən yaxşı futbolçunu seçəcəyimizə söz vermişdik. Qeyd etmək istərdim ki, səsvermə zamanı 40% jurnalistlərə, 40% Unibank Premyer Liqasının baş məşqçi və kapitanlarına, yerdə qalan 20% isə PFL və Unibank arasında bərabər paylaşdırılmışdır. Nəticələrə əsasən, oktyabr ayı üçün “Qarabağ” klubunun futbolçusu Vaqif Cavadov, noyabr ayı üçün isə “Xəzər Lənkəran” klubunun futbolçusu Mario Souza ayın ən yaxşı futbolçuları seçilmişlər. Qarşıdakı aylarda da bu cür tədbirlərimizi davam etdirəcəyik. Fürsətdən istifadə edib PFL-in prezidenti Ramin Musayevə  öz minnətdarlığımızı bildirmək istəyərdim. Məhz onun bizə göstərdiyi dəstəyə gör biz bu gün buradayıq. Bizə göstərilən etimadı doğrultmağa çalışacağıq.”

Daha sonra çıxış edən Unibank Kommersiya Bankının İdarə Heyətinin üzvü Kamil Seyidov nitqində aşağıdakıları qeyd etdi: “Azərbaycanın ən böyük banklarından biri olan Unibank Kommersiya Bankı olaraq, bu layihədə iştirak etməkdən fərəh hissi duyuruq. Bu cür tədbirlərimiz hələ davam edəcək. Müəyyən nöqsanlar olsa da, onları qısa zamanda aradan qaldırıb yolumuza uğurla davam edəcəyik. Bu layihəyə qoşulmaq həm də bizim daxilimizdə futbola olan sevgidən irəli gəlir. Bir daha hər iki futbolçunu təbrik edirəm.”


Beləliklə, Unibank Premyer Liqasının oktyabr ayı üçün ən yaxşı futbolçusu nominasiyasında “Qarabağ”ın futbolçusu Vaqif Cavadov, noyabr ayı üçün isə “Xəzər Lənkəran” klubunun futbolçusu Mario Souza seçildi.

Oktyabr ayının ən yaxşı futbolçusu seçilmiş Vaqif Cavadov aşağıdakıları dedi: “Əvvəlcə mənə səs verənlərin hamısına təşəkkür edirəm. İnanıram ki, bundan sonra daha yaxşı oynacağam. Ən əsası öz üzərimdə işləməliyəm ki, növbəti tədbirlərdə də sizlə birgə bu tədbirlərdə iştirak edim. Açığı, bu sorğuda yenə qal
ib olmaq istəyirəm."  

Noyabr ayının ən yaxşı oyunçusu seçilmiş Mario Souza isə çıxışında futbolumuzdakı inkişafı xüsusi vurğulayıb: “Hamıya təşəkkür edirəm. Təşkilati işlərə görə də minnətdaram. Bu tədbirlərin keçirilməsi Azərbaycanda futbolun inkişafının bariz nümunəsidir. Əsas məqsədim odur ki, gələn aylarda da qalib olum. Oktyabrın ən yaxşısı seçilən Vaqif Cavadovu da təbrik edirəm. O, təkcə “Qarabağ” klubunda yox, milli komandada da yaxşı oynayır.”

<<Geri



 
Turnir cədvəli
1 "Neftçi" 4 10
2 "Xəzər Lənkəran" 4 10
3 "İnter" 4 7
4 AZAL 4 7
5 "Muğan" 4 5
6 "Qarabağ" 2 4
7 MOİK 4 4
8 "Gəncə" 3 3
9 "Bakı" 3 3
10 "Turan" 4 2
11 "Simurq" 4 2
12 "Qəbələ" 4 1
Ətraflı cədvəl>>


   
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.
2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə rastlaşdığınız zaman ipr@pfl.az vasitəsilə əlaqə saxlayın